`Həyat hekayələri` | Allahın işarələri
Paulo Koelho “Əlkimyagər” əsərində yazır ki, Allah insanlara işarələr göndərir, biz, sadəcə, onları oxumağı bacarmalıyıq. Bunu bacarsaq, Allahın nə demək istədiyini anlayarıq...
Amma son illər Allahın işarələrindən heç baş açmırdım. Mən onu anlamırdım, yoxsa, o “dilini”qəlizləşdirmişdi, bilmirəm? Bircə onu bilirəm, heç nə istədiyim kimi olmurdu. Elə bil, Allah yoluma göydən daş-kəsək yağdırmışdı. Bəlkə, bu da onun bir işarəsiydi, nə bilim..?
Düz iki il iş axtardım. Təcrübəmə uyğun, maaşı yaxşı bir iş. Nələr görmədim?! Saxta üzlər, yalan vədlər, bağlı qapılar... dost bildiklərim düşmən çıxdı... Üzüldüm, yoruldum...
Bircə inamımı itirmədim. “Allah məni sınağa çəkir”- dedim. Yenidən güçləndim. Bir işıq ucu tapdım. O işıq böyüdü, böyüdı, böyüdü...axırda yenə qaranlıq... İnamım öləziyəndə yenidən iynənin ucu boyda bir işıq işardı. Yenidən üzüişığa... Di gəl, qranlıqlar qurtarmadı...
İllərimi itirdim, planlarım alt-üst oldu. Səbrim tükəndi...
Düşündüm, görəsən, Allah niyə belə eləyir?! Bu qədər də sınaq olar?! Ha fikirləşdim, bir şey anlaya bilmədim. Əslində, heç, nəyisə anlayacaq halım da qalmamışdı, tükənmişdim, qəzəbliydim, inamımı itirmişdim...
...O gün ilk dəfə jurnalist olduğuma görə peşimanıydım. İçimə heç cür sindirə bilmirdim: mən bu qədərmi gərəksizəm?!
...Kompüteri açdım, facebooka girdim. Tanımadığım bir xanımdan məktub gəlmişdi:
- Salam! Necesiz, Səfurə xanım? Sizin profili təsadüfən gördum və sevindim. Bilirsiz niyə? İlk dəfə böyuk qəzet redaksiyasina məni dəvət edən siz olmusunuz. Məni və qardaşimi. Bizdən müsahibə almışdınız. Qardasim lap balaca idi. Mən 7-ci sinifdə oxuyurdum. Mən böyudum, hətta , artıq qocalıram, amma, siz dəyisməmisiz...
Siz onda məndən soruşmuşduz ki, böyüyəndə kim olacaqsız? Mən də “təhsil naziri olacağam”,- demisdim, səhv etmirəmsə. Daha doğrusu, əvvəl “prezident olacam” -dedim, hami guldu...
İndi BDU-nun doktorantıyam, jurnalistika fakultəsində dərs deyirəm. Jurnalistəm...
Qardaşım da BDU-nun tətbiqi riyaziyyat fakultəsində təhsil alir...
...Məni ağlamaq tutdu... Jurnalist olduğuma görə o qədər xoşbəxtiydim ki!
Bu, təsadüf ola bilməzdi! Bu, Allahın işarəsiydi! Mən onun işarələrini yenidən oxumağı bacarmışdım!
...Yenə iş axtardım... yenə uğursuzluqlar...
...Axırda içimə elə bir rahatlıq çökdü ki! Daha üzümə bağlanan qapılar məni inçitmədi. İitirdiklərimi yox, qazandıqlarımı düşündüm. Pislərin arasında boğulan, amma, hələ də onlara təslim olmayan yaxşıları gördüm. Bərkidim, gücləndim, səbirli olmağı öyrəndim.Hər şeyin yaxşı olacağına inandım! Sonunda Allahın nə demək istədiyini başa düşdüm. Ən başda itirilmiş sandığım illərim, sən demə, elə bunları anlamaqdan, yaşamaqdan, görməkdən ötrüymüş! Anladım, Allah istədiklərimizi ona layiq olandan sonra verirmiş!
Lap o kitabdakı kimi, gördüm ki, biz işarələri fərqli yerdə axtarırıq. O isə tam başqa yerdədir. Əslində, axtardığımız biz usandığımız zaman tam əlimizin altında olur... Onu görmək, duymaq lazımmış... Bir az səbir... bir az inam... bir də...
Teqlər: